Fəlakətlərimizdən dərs götürək
Azərbaycanın
tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi
hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə
qiymətləndirilib...
Əslən Təbrizdən
olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil
Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs
götürək” rubrikası altında milli-mənəvi açımdan III mövzunu təqdim edirlər.
HÜRUFİLİK – AZƏRBAYCANIN RUHANİ MAHİYYƏTİDİR
Soylu Atalı: Ürəyinizdə Günəş olsun,
istəkli soydaşlarımız!
Bu gün biz Azərbaycanımızın Ruhani
Mahiyyətini ifadə eləyən Hürufilik mövzusu ilə görüşünüzə gəlirik. Hürufilik –
Azərbaycanın sifətini dünyada bəlli eləyən böyük hadisələrimizdən biridir. Ona
görə də biz Hürufilik məsələsini mövzuya gətirdik. Bu gün Azərbaycanda dini
düşüncəli insanlar var ki, onlar Hürufiliyin böyüklərini – Nəimini, Nəsimini
məqsədyönlü şəkildə məhdudlaşdırmağa, aşağılamağa meyl edirlər. Onları müsəlman
elan eləməklə cəmiyyətdə bir çaşqınlıq yaradırlar, həm də Hürufiliyin
mahiyyətini təhrif edirlər. Bu vaxta qədər Hürufiliklə bağlı müəyyən elmi
araşdırmalar olub. Bu da ən çox adın üzərində vurğulanıb. Əslində bu böyüklükdə
hadisə icma səviyyəsində bilinib, toplum tərəfindən ciddi tanınmayıb, dərk
olunmayıb. Bir tərəfdən Azərbaycanın fəxri olan, başucalığı olan Hürufilikdən yurdumuzda ciddi ədəbiyyatlar
yoxdur, başqa bir tərəfdən, olanlar da düzgün araşdırılıb təqdim olunmur.
Hürufiliyin milli-bəşəri dəyəri əsasən Nəsiminin şeirlərində ifadə olunub. Onu
da, dediyimiz kimi, yad baxışların təsiri altında dilə gətirmirlər, yaxud
təhrif eləməyə çalışırlar. Bu cəhətdən Hürufilər bizim fəlakətli fəxrimizdir – Onların edamı faciəmizdir, çünki onların
özləri ilə birgə düşüncə sistemləri də “edam olundu”. Nəiminin düşüncəsini
özündə daşıyan “Cavidannamə” Azərbaycanda yoxdu. Onun orijinalı başqa ölkələrdə
saxlanılır. Ümumiyyətlə, bizim böyük dəyərlərimizin əsilləri öz əlimizdə deyil.
Biz nəyisə istəyəndə ya vermirlər, ya da təhrif olunmuş nüsxələr verirlər. Çox
qəribədir, yazılı abidələrimiz, dəyərlərimiz sanki hamıya gərəkdir, Azərbaycanın
özünə gərək deyil. Başqalarına da ən çox gizləmək üçün gərək olur. Bizə isə yalnız ad
qalır. Adı biz sevirik, ancaq adla var ola bilmirik, çünki addan daha dərində
düşüncə, baxış var ki, onunla biz millət ola bilərik, simamızı qoruya bilərik.
Burada biz Hürufilik
məsələsinə yalnız öz milli açımımızdan, öz ölçümüzdən yanaşırıq. Konkret
olaraq, Asif Atanın yaratdığı Dünyabaxışın meyarı ilə məsələyə yanaşırıq, onun
ortaya qoyduğu dəyərləri təqdim eləməyə çalışırıq. Bu bir məktəbdir. Biz bu Məktəbin
həm öyrənciləriyik, həm də öyrətmənləriyik. Öyrəndiklərimizi öyrətmək
istəyirik. Biz istəyirik ki, düşüncə sistemi yalnız məktəb səviyyəsində
qalmasın, böyük bir Hərəkata çevrilsin. Hərəkata çevriləndə xalq yaranır,
Azadlıq yaranır. Məktəb səviyyəsində onun içində ayrı-ayrı şəxsiyyətlər
yaranır, söz yox ki, bu şəxsiyyətlər də Hərəkata stimul verir, yönəldir. Ancaq
o şərtlə ki, dediyimiz kimi, böyük işlər məktəblə məhdudlaşmamalıdır, daim
genişlənməli, inkişaf etməlidir. Xalqın yaranması – Tarixi şəxsiyyətlər
verməkdən daha dərin məsələdir.
İndi Hürufiliklə bağlı müəyyən
faktları təqdim eləyək – bütövlük və ardıcıllıq üçün.
Abil Ulusoy: İstənilən təlimin, baxışın
yarandığı məkan çox önəmli faktdır. Azərbaycan Hürufiliyin vətənidir. Hürufilik
– yarandığı dövrə qədər insana verilmiş ən ali qiymət idi, bəşəriyyətə gərək
olan bir dəyər idi. Bizim üçün sevindirici haldır ki, bu təlim məhz Azərbaycanda
yaranmışdır. Hürufiliyin yaradıcısı (banisi) Fəzlullah Nəimi (Əl-Hürufi
çağrılırdı, bildirildiyinə görə əsl adı Əbdürrəhman imiş. Onun adlarından biri
də Sail olub). Azərbaycanın Güneyində 1340-cı ildə doğulub. 1386-cı ildə öz
təlimini Təbrizdə elan edib. Nəimi bu təlimin yaradıcısı kimi “Cavidannamə”dən
(təlimin baş kitabı) başqa beş kitabın da müəllifi idi. Mənbələr göstərir ki, Nəiminin
bunlardan başqa bir əsəri də olubdur. Bu fikir tam təsdiqini tapmayıb. Ancaq
belə güman olunur ki, həmin kitab olub, deyilənə görə o, Sarayevada saxlanılır.
Deyildiyi kimi, təlimin əsas
kitabı “Cavidannamə”dir. O da iki hissədən ibarətdir: “Böyük Cavidannamə” və “Kiçik
Cavidannamə”. Soylu bəy qeyd elədi, təəssüf ki, “Cavidannamə” Azərbaycanda
yoxdur. “Böyük Cavidannamə” Misirdə saxlanılır, 853 səhifədən ibarətdir –
lüğətli izahı ilə bir yerdə. Misirin ən böyük kitabxanasındadır. Biz öz
tərəfimizdən xeyli səylər göstərdik ki, həmin kitab Azərbaycana gətirilsin.
Onun burada tərcüməsinə və çapına nail olaq. Çox təəssüf ki, bu səylər hələlik
heç bir nəticə verməyib. Misirin Azərbaycandakı səfirliyinə müraciət olundu, eləcə
də Azərbaycan Milli Elmlər Akademiyasına – onun Şərq kitabxanasına. Müxtəlif
şəkildə imtinalar var. Baxmayaraq ki, Azərbaycan dövləti ilə Misir dövləti
arasında mədəni sərvətlərin mübadiləsi ilə bağlı razılaşmalar var, belə deyək
ki, natura halında dəyişdirilməsiylə yox, sadəcə olaraq, onların üzünü köçürüb
dəyişdirmək olardı. Ancaq nədənsə bizə mənsub olan az əhəmiyyətli mədəni
sərvətlərimizi bizə verirlər, “Cavidannamə”ni isə verməkdən birmənalı şəkildə
imtina edirlər. Yəqin bu nə vaxtsa baş tutacaqdır. Artıq “Cavidannamə”nin
müəyyən hissələri ilə əlaqədar Elmlər Akademiyasının müəyyən institutlarında
söhbətlər gedir, ancaq bu, “Cavidannamə”nin özü deyil.
Müəyyən bilgilərə görə “Kiçik Cavidannamə”
isə Tehran Universitetinin kitabxanasında var – 216 səhifədir, deyəsən. Əbdülhəmid
adlı bir nəfərin şəxsi kitabxanasında imiş, sonradan oraya təhvil verib.
Məşğul olmaq istəyənlər üçün
Nəiminin başqa əsərlərinin də adlarını bildirmək istəyirəm: Böyük, əbədi mənası
verən “Kəbireyi Cavidannamə” və “Cavidanisaqir” deyilən “Kiçik Cavidannamə”; “Ərsnamə”
– taxt-tac haqqında kitabdır; Məhəbbətnamədir, – dördüncü kitab; “Naumnamə” (Yuxugörmə haqqında kitab – bu
kitab “Allah işığı axtaranlar üçün idi) beşinci kitabıdır və altıncı kitabı “Vəsiyyətnamə”dir.
Hələ tam dəqiqləşməyən yeddinci kitabın adı bizə məlum deyil. Bilgi var ki, Nəimi
“Cavidannamə” kitabını Bakıda yazıbdır.
Hürufilərin yetişdiyi dövr həm
də bir fatehlik dövrü idi. Bilirsiniz ki, dünyanı fəth eləmək iddiasında olan
Əmir Teymur var idi. Bu da türk idi. Ancaq dünyanı o şəkildə fəth eləmək
antiinsani bir gediş idi, ancaq bu tərəfdə insana ən yüksək qiymət verilirdi.
Bu qiymət Nəimi təliminin ən güclü aparıcısı olan Nəsiminin diliylə belə ifadə
olunurdu:
Hər kimsə etmirsə insana səcdə,
Ol məndə şeytan gedər, şeytan gələr...
İnsana səcdəyə çağırış idi.
Bəşər tarixində hürufilərə qədər İnsana səcdəyə çağırış olmamışdı. İnsandakı
Allahı görürdülər Hürufilər. O dövr üçün bu münasibət fövqəladə bir hadisə idi.
Nəimi təlimi Azərbaycanda
məhdudlaşmırdı, Türkiyəyə, Şərq ölkələrinə yayılmağa başlamışdı. Türkiyədə bu
təlimi yayan Nəiminin yaxın silahdaşlarından biri olan Əliullah idi. Nəsimi
yaradıcılığının da burada çox böyük rolu var idi. Türkiyədə (yəni Osmanlıda)
hakim olan I Sultan Muradın və Muradxan Qazinin zamanında Hürufilik geniş
yayılmağa başlamışdı. Nəiminin ən yaxın tələbələrindən biri – Mahmud Qəznəvi
Nöqtəvizm təliminin yaradıcısı olub. Bu təlimə görə nöqtə ilahi idi (rəqəmlər
yox). Nöqtələr Allahın mahiyyətini özündə birləşdirir.
Ağşın Ağkəmərli: Siz söhbətimizin əsas
mahiyyətinə toxundunuz. Bəzi məqamları vurğulamaqla söhbətə qatılmaq istəyirəm.
Həqiqətən Hürufilik sadəcə tarixi bir hadisə deyil. Onun mahiyyətində başqa
şeylər var. Azərbaycan yadelli işğalçıların amansız təsirlərinə məruz
qaldığından ciddi narahatlıqlar ortaya çıxırdı. Fəzlulllah Nəimi torpağın xilas
olmasını deyil, millətin xilas olmasını əsas götürürdü. Millətə sahib çıxmaq
gərək idi. Bunun üçün hansısa bir amac olmalı idi. Bu amac hərflərdən ibarət
olan düşüncə idi. Ancaq bu amac təkcə hərflər məsələsi ilə məhdudlaşmırdı. Onun
başqa mahiyyəti vardı. Hürufiliyin içində bizim kimliyimiz vardı, türkçülüyümüz
vardı, adət-ənənələrimiz vardı. Bizim varlığımız vardı. O varlıq ki, ərəb
qəsbkarları tərəfindən tapdalanmışdı. O varlıq ki, məhv olmaqda idi.
Özünəqayıdış üçün, özünü tanımaq üçün maariflənmək, savadlanmaq lazım idi.
Nəimi İnsanın böyüklüyünü Hürufilikdə görürdü.
Hər bir şeyin bir görünməyən
tərəfi var. O görünməyən tərəf insanın özüdür. İnsan o dövrdə görünməmiş
dərəcədə aşağılanmışdı. Köləlikdən, əsarətdən qurtarmaq üçün insana dəyər
vermək lazım idi. Hürufilik bu dəyəri yaratdı – insanı Allahlıq zirvəsinə
çatdırdı. İnsanın əsas mahiyyəti yaradıcılıqdır. Hürufilik o yaradıcılığı
insana qaytardı. Təriqətlə elə bir bağlılığı olmasa da, mən təbiətin özündən
bir misal demək istəyirəm. Barama adi bir sürüngən həşaratdır. Ancaq o öz içinə
qapıldığı üçün bir mühit yaradır. Öz içində yaradır. Bu mühit onun öz içinə
bağlıdır, –mahiyyətindən irəli gəlir.
Yaranışın tələbi ilə baş verir. Ağıllı insan üçün təbiətin bu halı da bir
məktəbdir.
Hürufilik təbiəti ötən insani
bir məktəb idi. İnsana ilahi keyfiyyətlərini öyrədirdi. Nəsimi bu məktəbin
dərin izharçısı idi. Onun çağırışlarında, şeirlərində biz Hürufiliyin məzmununu
aydın şəkildə görürük:
Ey özündən bixəbər qafil, oyan,
Haqqa gəl ki, haqq deyil batil, oyan,
Olma fani aləmə mail, oyan,
Mərifətdən nəsnə qıl hasil, oyan.
Ümumiyyətlə, Hürufiliyə bir
çox yöndən yanaşmaq və öyrənmək mümkündür. Əslində Nəsiminin öz həyatı, öz yaradıcılığı
məncə bir təriqətdir. İnsanların qəlbini qılıncla, ordu ilə fəth eləyə bilməyən
azmanların qarşısında Nəsimi ortaya çıxırdı və öz şeirləri ilə insanların
qəlbini fəth edirdi. Bu gün biz də tarixi məsələlərlə üz-üzə dayanmırıq,
qaçırıq. N.Hikmətin belə bir sözü var. Deyir “dovşan qorxduğuna görə qaçmır,
qaçdığına görə qorxur”. Biz də tarixi həqiqətlərimizi dilə gətirməkdən
qaçdığımıza görə qorxuruq. Biz tarixi həqiqətlərlə üz-üzə dayana bilsək, onda
bizim kimliyimiz üzə çıxacaq. Onda bizim kimliyimiz bilinəcək.
Soylu Atalı: Azərbaycanda Hürufiliklə
ciddi məşğul olmurlar. Niyə olmurlar?! Məlumdur ki, islam dininin oturuşduğu və
hökmünün böyük genişliyə malik olduğu bir dövrdə Hürufilik baş qaldırdı. Və Hürufilik
mahiyyətcə dinə qarşı idi. Bu gün də Azərbaycanda din öz kütləviləşdirmə
psixologiyasıyla yenidən qayıdıb və avamlığın üzərində bərqərar olub. Bu gün
hər hansı bir Azərbaycansevər Hürufilik məsələsinin tədqiqi ilə məşğul olmaq
istəmir. İstəmirsə mən onun Azərbaycansevərliyinə bir o qədər inanmıram da.
Bayaq Ağşın bəy dedi ki, biz qaçırıq və qorxuruq. Bəli, biz gələnin qabağından
qaçırıq, dirəniş göstərmirik. Hürufiliklə ona görə məşğul olmurlar. Asif Ata
deyirdi ki, “təkcə Nəimi bəsdir ki, Azərbaycana səcdə qılasan”. Niyə bunu
deyirdi? Çünki insan yalnız Azərbaycanda azadlığa çağırılmırdı, yalnız burdakı
insana həqq deyilmirdi, bütövlükdə bəşər övladına deyilirdi. Bütövlükdə bəşər
övladı o haqqa, mənəvi azadlığa çağırılırdı. Bu çağırışın qarşısında hər şey
doğrudan da adi görünürdü, aciz görünürdü. Bu halı Nəimi yaratmışdı.
Ağşın Ağkəmərli: Siz çox gözəl bir məsələyə
toxundunuz.
Hürufilikdə belə bir hal var
ki, başqa bir yerdə qiblə axtarmaq yox, Azərbaycanı qiblə görmək istəyirdilər.
Müqəddəsliyi Kəbədə, Məkkədə yox, Təbrizində, Bakısında görmək istəyirdilər.
Soylu Atalı: Doğrudur. Bayaq mən dedim ki,
bəşər övladını Allah sayırdılar. Ancaq burada bir məsələ var ki, kim idi İnsanı
Allah sayan?! Axı bu təkcə saymaq məsələsi deyildi. Onun təlimini
yaratmışdılar. Və bu təlimdə insan özünü görürdü, öz həqiqəti ilə görüşürdü. Bu
isə Azərbaycanda yaranmışdı. Ona görə Azərbaycan təbii olaraq qiblələşir. Azərbaycanda
yeni Allahlıq məzmunu təcəlla tapır, yön insana çevrilir, insan özü məbuda
çevrilir, qiblələşir. İslam dininin yayıldığı, qaynaqlandığı ünvan Kəbə idi.
Bəlkə də ərəb üçün oranın qiblə olması təbii bir haldır. Bu başqa məsələ ki, o
ünvan bəşər övladının taleyini məna ilə nə dərəcədə bağlayır, onun ömrünü
məzmunla nə dərəcədə doldurur. Təlim harda yaranır, onun qaynağı haradır,
düşüncə harda formalaşıb – bu çox əsasdır. Düşüncənin formalaşdığı ünvan insan
üçün qibləyə çevrilir. İnsan qibləni seçəndə gərək ciddi düşünsün ki, onun
tapınağı ona nə verir, nə dərəcədə onun ruhu azad olur, nə dərəcədə o öz
mənasına bərabər yaşayır?! Bilirsinizmi, insanı əsarətə salan qiblə də var, onu
əsarətdən qurtaran da. İnsan qibləni ürəyi ilə, düşüncəsi ilə seçib, yoxsa
qiblə ona zorla sırınıb?! Biz də deyirik ki, insanı ruhani əsarətdən xilas eləyən
yön gərəkdir. Və Hürufilik insana ruhani azadlıq verən yön idi. Bəli, Nəiminin
dayandığı, Haray çəkdiyi ünvan müqəddəs qiblə idi və bu bütövlükdə bəşəriyyətə
gərək idi. Heç kim bizə deyə bilməz ki, siz Kəbəni özünüzünkü saymırsınız,
ancaq Nəiminin dayandığı ünvanı bəşər üçün müqəddəs bilirsiniz. Biz heç nəyi
bəşəriyyətə sırımağın tərəfdarı deyilik. Ancaq insanı insan eləyən, özünə
bənzədən hadisəyə bəşərin biganə qalmasını da doğru saymırıq. Əsarətdən
qiblə olmaz. Qiblə Azadlıqdan olar. Hürufilik ruhani azadlıq demək idi
və Azərbaycan bu ruhani azadlığın yurdu idi.
Bilirsiniz ki, bəşər tarixi
böyük həngamələr tarixidir. Nə qədər döyüşlər, zülm, əsarət mövcud olub bütün
dövrlərdə. İnsan gah əsarətə düşüb, gah əsarətdən çıxıb. Əsarətə düşüb nə
deməkdir, əsarətdən çıxıb nə deməkdir?! Nə qədər qılıncla insanın boynunu vurub
özlərinə tabe edirlər, nə qədər ayrı-ayrı məmləkəti işğal edirlər. Ancaq
bunların heç birini əldə saxlamaq, tabeçilikdə saxlamaq qılıncla baş tutmur. İşğal
elədikləri yerlərdə ruhani dəyişiklik, mədəni dəyişiklik törədirlər və yalnız
bunun hesabına əsarətin ömrünü uzada bilirlər. Əsarət mədəniyyət vasitəsilə,
ideya vasitəsilə insanın ruhuna hakim kəsilir və bərkiyib qalır. Təkcə qol gücünə
əsarət yaşamır. Əsarət – ruhani assimilyasiya deməkdir. Ona görə də Hürufilik Azərbaycanın
ruhunun azadlığı məsələsi idi.
Biz bu məsələni araşdırdıqca
təbii şəkildə mühüm bir məqamın üzərində dayanırıq. Hürufiliyin yarandığı
tarixi bir şərait var idi. Bu şərait cahanşümul bir imperatorun – Teymurun gücü
ilə formalaşmışdı. İmperator heç bir təriqət-filan tanımırdı, Nəimi, Nəsimi
tanımırdı, tanımaq belə istəmirdi. Ancaq bizim müasir cəmiyyətimiz Teymurla da
öyünür, Hürufilərlə də. Halbuki Teymur başının üstünə islam bayrağı
qaldırmışdı, Hürufilərin bayrağı isə Azərbaycanın ruhani mahiyyətini ifadə
edirdi. Yəni insanın qul olması ideyası hara, Allah olması ideyası hara. Bu
səbəbdən də əslində Teymur Azərbaycanın ruhani mahiyyətinə qarşı idi. Asif Ata
deyir “Teymur türkün hədər getmiş enerjisidir”. Biz Teymurla öyünə bilmirik.
Məsələyə hərb tarixi nöqteyi-nəzərindən yanaşanda bəlkə də öyünmək olar. Ancaq
məsələyə insanilik baxımından yanaşanda öyünmək üçün heç bir əsas tapmırsan.
Çünki Teymur Azərbaycana ciddi zərbə vurdu. Mahiyyətcə bütövlükdə türkə zərbə
vurdu. Nəimiyə, Nəsimiyə vurduğu zərbə türkə vurulan zərbə idi. Hökmdarlara
Allah lazım deyildi, – yəni İnsan adında Allah. Hökmdarlara qul lazım idi, kölə
lazım idi. Hökmdarlara ağlında köləlik oturuşmuş əsgər lazım idi ki, ona, onun
səltənətinə xidmət eləsin, onun iradəsinə tabe olsun – “Bir”in hökmdarlığına
itaət göstərsin. “Bir”in iradəsinə tabe olan əsgər yalnız qol işlədirdi. O qolu
da əslində özünə qarşı işlədirdi, mahiyyətinə qarşı işlədirdi. İnsanlığa qarşı
işlətmək – əslində özünə qarşı işlətmək idi. Ona görə də heç bir dövrdə
fatehlər, hökmdarlar insanilik axtarışında olmayıblar. İnsanilik onlara lazım
olmayıb. Bu səbəbdən də Teymur Nəimini atın quyruğunda Bakıdan Səmərqəndə qədər
sürütdürüb parça-parça elətdirdi. Nəsimi baş götürüb Hələbə getdi, orada edam
olundu. Yəni bu cür halların baş verməsi – İnsanlığın böyük bir faciəsi idi. Bu
əməllər Azərbaycanın özündən ayrılmasına yönəlik atılan imza idi, vurulan möhür
idi.
Əgər “İnsan Allahdır” ideyası
hökmdar qılıncına tuş gəlib, hökmdar səltənətinə qurban verilməsəydi, əminliklə
demək olar ki, Azərbaycanın dünyada özünəməxsus yeri olacaqdı. Dünyanın halında
dəyişikliklər olacaqdı. Asif Atanın təbirincə desək, “Azərbaycan indiki
səviyyəsindən qat-qat yüksək olacaqdı – Hürufilərin Allah dediyi insanı Teymur
diri-diri divara hördürməsəydi”.
Fatehlik – fiziki və mənəvi
soyqırım deməkdir, Bəşəri mahiyyətə qarşı yönəlmiş cinayətlər səbəbidir. Və belə bir şəraitdə
İnsanilik təlimi yaratmaq və yaymaq – çox böyük qüdrət idi, qəhrəmanlıq idi. Bu
yenilməz bir cəsarət idi. Hürufilikdə insana aid olan bütün ali keyfiyyətlər
üzə çıxmışdı. Və o keyfiyyətlər doğrudan da insanın Allah olmasını göstərirdi. Əgər
hökmdarlıq qılıncı olmasaydı, bəlkə də Hürufilik geniş yayıla bilərdi. Qılınc
onun qabağını kəsdi.
Əsarəti qılıncla vermək olur,
insanları qorxutmaqla yavaş-yavaş əsarətə alışdırırlar. Bununla da insan öz
Allahlıq mənasından ayrılır. Ancaq insanı azadlığa yönəltmək, alışdırmaq çox
böyük əzab tələb eləyir. O, qılıncla başa gəlmir, o məsələ hədə ilə, qorxu ilə
əmələ gəlmir. Burada insan qəlbinin böyüməsi lazımdır. Bax, belə bir işin
başlaması çox mühüm bir hadisədir. Bizim yurdumuzda başlayan bu cür böyük işlər
təəssüf ki, zaman-zaman məhv edilib. Bu da bizim ruhani talanmağımızın, hətta
coğrafi talanmağımızın əsasını qoydu.
Abil Ulusoy: Mən bir məsələyə toxunmaq
istəyirəm. Azərbaycanda bu gün də ruhani bir Hərəkat var – Mütləqə İnam Ocağı. Azərbaycanın
potensialı bir millət olaraq imkan verir ki, yaşasın, inkişaf eləsin. Burada
başqa bir məsələ də var – Dövlət və bu dövlətin mənsub olduğu xalqın yaratdığı
ruhaniyyat. Dövlətin həmin ruhaniyyata niyə yiyəlik eləyə bilməməsi məsələsi. O
dövrdə dövlət öz yurdunda yaranan ruhaniyyatı qurban verdi. Bəşəriyyətin ali
söz deyənlərini dövlət müdafiə eləyə bilmədi. Azərbaycanda bu gün də belə bir
hadisə baş verə bilər, onun sabahkı tarixində də belə bir şey ola bilər.
Bunları önləmək üçün nələr eləmək lazımdır?! Bu da bir məsələdir. Əgər Nəimi
müdafiə olunsaydı, Soylu bəyin dediyi kimi, Azərbaycan hansı səviyyədə olacaqdı?!
Azərbaycanın həmin dövr üçün tutduğu mövqe məhz elə Hürufilik idi. Hürufilər Azərbaycan
xalqının iradəsini ifadə eləyirdilər. Və çox gözəl ifadə eləyirdilər. İstəyərdim
ki, Azərbaycanda bir örnək yaransın ki, addımlarımız yurdumuzda yaranan yaxşı nə varsa, onun məhv
olunmasına doğru deyil, yaşamasına doğru atılsın. Burada mən bir müqayisə
aparmaq istəyirəm: Quranda deyilir: “Allahdan qorxun, bəlkə xoşbəxt oldunuz”.
Hürufilikdə deyilir: “İnsan Allahı özündə tapanda xoşbəxt olur”. Quran:
“Dindarlar, özünüzə köməyi səbr və duada tapın”. Hürufi: “İnsan böyükdü, onun
arzusu yerinə yetməlidi”.
1394-cü il sentyabrın 2-də
Nəimi edam olundu. Əslində bu, insanlığın, insana ali səcdənin edamı idi. Soylu
bəy doğru vurğuladı ki, fatehə insan lazım deyildi. Ona “göydəki” lazım idi ki,
özünü “yerdəki böyük” kimi qəbul elətdirsin. Hürufilərin dediyi ki, nə
istəyirsən özündən istə – bunu qəbul eləmirdilər. Bütün müqəddəslikləri isə Azərbaycandan
kənarda axtarırdılar. Müqəddəsliyin Məkkədə axtarıldığı bir vaxtda 46 yaşında
bir papaqçı gəlib Təbrizdə öz təlimini ortaya qoyur və elan eləyir ki, İnsan
Allahdır. İnsan kamillik səviyyəsinə qalxmalıdır. Kamil İnsan Allah ola bilər,
cahil insan Allah ola bilməz. Fatehlikdə döyüş qabiliyyəti var, hərbi bacarıq
var, ancaq o, kamillik deyil. Onun ətrafında olanlar kamil olmaq istəmirdilər,
yaxşı döyüşçü olmaq istəyirdilər. Qana susayırdılar, qənimətə susayırdılar.
Ancaq onların qarşısına biri çıxıb deyirdi ki, “Haqqa əyan oldu, gəlin Həqqi
görün!” Yenə əvvəlki fikrimə qayıdıram ki, Azərbaycanda güclü dövlət olmalıydı
ki, belə böyük bir təlimə yiyəlik eləsin, onu özünün ideologiyasına çevirsin.
Elə indi də vurğulamaq istəyirəm ki, Azərbaycanın Quzeyində yaranan dövlət
burada yaranan çağdaş ruhani həyatımıza sayğı ilə yanaşsın, bu hərəkatın
təsirləri Güney Azərbaycana yerisin, onun zəvvarları Türk Dünyasına yayılsın. Azərbaycandan
başlayan bu Ruhani Hərəkat bütün bəşəriyyətə yayıla bilər. Asif Atanın carı
olan “İnsanlaşın – İnsanlaşdırın!” harayı ümumbəşər səviyyəsində böyük hadisəyə
çevrilə bilər.
Ağşın Ağkəmərli: Hürufiliyin haqlı və doğru
olduğu onunla sübut olunur ki, bu gün ondan sevgi ilə bəhs olunur. Teymur isə
insanlığın faciəsi kimi araşdırılır. Ən əsası odur ki, Teymur yad ideya
daşıyıcısı idi, Hürufilik isə Azərbaycan ruhunun ifadəsi idi, türk varlığını
bildirirdi. Çox təəssüf ki, Şah İsmayıl Xətaimiz də Hürufliyi doğru
qiymətləndirə bilmədi, faciəmizdən dərs götürmədi.
Hürufilik insanın görünməyən
tərəfini açırdı. Bir otaq yalnız daş, palçıq deyil, qapı təkcə ağac, ya dəmir
deyil, onun içində bir əmniyyət vardı. Bu qoruculuq əmniyyətidir. Bu
qoruculuqda bir varlıq var. Qapı ona görə hansısa bir mənanı daşıyır. Hürufilik
– insanın içindən qurulması, qorunması təlimi idi, insana yaradıcılıq imkanı
verən bir təlim idi. Ona görə də bizim Hürufiliyə ötəri yanaşmağımız, yan
keçməyimiz haqlı deyil. Ondan dərs götürməyimiz vacibdir.
Hürufilik və Xürrəmilik
bir-birinə doğma ideyalardır. Onlar
arasında bir bağlılıq var. Bu bağlılıq türk millətinin ruhuna hopan bir məsələdir.
Onu daim gündəliyə gətirmək lazımdır. Keçmişdəki səhvlərə gələcəyimizdə yol
verməməliyik. Tariximizdən dərs götürməliyik. Mən Xürrəmiliyi Hürufilikdən ayrı
götürmürəm, Füzulinin yaradıcılığındakı insan varlığını onlardan kənarda
götürmürəm, mən Moləviçiliyi bu hadisələrlə bağlı götürürəm. Və Asif Atanı bu
deyilənlərin sintezi, zirvəsi kimi qəbul edirəm. Asif Atanın məfkurəsi,
düşüncəsi təkcə bir şəxsin düşüncəsi məsələsi deyil, bunun mahiyyətində, o
görünməyən tərəfində həm Nəsimiçilik yatıb, həm Nəimiçilik yatıb (Məncə
Nəsimilik özü elə bir təlimdir). Bu danılmaz bir faktdır ki, Ocağın
mahiyyətində, Asif Atanın ideyasında bütün Xürrəmilik, Sufilik, Hürufilik, Füzulilik
öz əksini tapır. Onun nəticəsidir ki, bu gün biz burada bir araya gəlmişik. Biz
hər bir hadisəmizə doğru yanaşmasaq, xalqımızın problemlərinin həlli yollarını
əldə edə bilməyəcəyik. Biz indiyə qədər itirə-itirə gəlmişik. İnsanlarımızı
itirmişik. İnsanlarımızın öz kimliyini başqa yerlərdə axtardığına görə biz bir
bütöv kimi ortaya çıxa bilmirik və dünyaya öz sözümüzü deyə bilmirik.
Bu gün mən evimdə böyüyən
uşağın yad ruhda böyüməsinin qarşısını ala bilmirəmsə o mənim adamım deyil,
mənim evimdə yadlığı təmsil eləyir. Çünki kimliyini başqa yerdə axtarır. Bu
faciəmizin təməli dünən, srağagün qoyulmayıb, deyərdim ki, 1400 ildir başlayıb
faciələrimiz. Faciədən çıxmaq üçün itirdiklərimizin fərqinə varmalıyıq. Öz milli-ruhani
istəyimizi ortaya qoymalıyıq. Bunun da özülündə, dediyim kimi, Asif Ata
ideyaları durur. Asif Atanın ideyalarında həm tarixi faciələrimiz dərk olunur,
həm də ruhani xilasımız meydana çıxır.
Soylu Atalı: Bəzi məsələlərə aydınlıq üçün
bir əlavə eləmək istəyərdim. Məsələn, Abil bəyin narahatlıqla vurğuladığı ki, Azərbaycan
dövləti bir dərs götürsün – öz içində yaranan dəyərə önəm verə bilsin, heç
olmasa onun yayılmasına imkan yaratsın. Təəssüf ki, Azərbaycan dövləti ayrı bir
faktdır, hadisədir, Azərbaycan dövlətinin idarəçiliyi tamam ayrı bir şeydir.
Hürufilərin dövründə də Azərbaycan hakimiyyəti Şirvanşahdan ibarət idi. O da
Teymur kimi bir nəhəngin qarşısında çox yalın idi. Cılız bir gücə malik idi.
Doğrudur, şahda Hürufilərə qarşı bir simpatiya vardı, ancaq heç nə eləyə bilmirdi.
Niyə eləyə bilmirdi?! – Dediyimiz kimi, Azərbaycan insanlarının qəlbində bir
ruhani köləlik buxovu vardı. Ona görə Azərbaycan insanları Hürufilərdən tuta
bilmirdilər, onların arxasınca gedə bilmirdilər. Onların üstünə qorxu gəlirdi,
qılınc gəlirdi. Ona görə də Nəimini, Nəsimini Azərbaycan hakimiyyəti həmin
qorxunun qarşısında asanlıqla təslim eləyə bildi, onlardan imtina eləyə bildi.
Ümumiyyətlə, dövlətlə xalq arasında münasibət çox mühüm əhəmiyyət daşıyır.
Xalqın ruhunun yetkinliyi, bütövlüyü, xalqın vahidliyi, birliyi, Azadlığı
əslində dövlətin yiyəsidir. Ayrı cür dövlətin yiyəsi yoxdur. Ona görə də xalqın
ruhani azadlığı gərəkdir ki, öz dövlətinə sahib çıxmaqla yanaşı, dövlətin
başında duranı öz mənəvi-ruhani dəyərlərinin xidmətinə yönəldə bilsin. Gəlin
bir az müqayisəli şəkildə baxaq o dövrə də, bu dövrə də. Teymurun ruhu türk
ruhu deyildi, ərəb ruhu idi. Teymurun içində ərəb ruhunun təsiri oturmuşdu. “Lailahailləllah”
Teymura lazım idi. Çünki xilafətçilik ənənəsi vardı. Osmanlı imperiyasında da o
vardı. Teymurda da o vardı. Şirnikirdilər, uymuşdular xilafətçiliyə, uymuşdular
hökmdarlıq səltənətinə. Və onlara o lazım idi. Hökmdar səltənət yaradır.
Hökmdarlıq səltənəti böyüklüyə qarşı idi. Hökmdar xalq olmaq istəmir, Nəimi
xalq olmaq istəyirdi. Ona görə də o, insanın ruhunu dirildirdi. Fərq çox
böyükdür. Ona görə də Teymurun nəyinə lazım idi ki, uzun müddət insanların
ağlına və qəlbinə hakim kəsilmiş qaranlıq bir dünyabaxışa qarşı – İslam dininə
qarşı dursun, Hürufiliyi ona qarşı çıxartsın. Hansı ki, Hürufilik heç düz
əməlli yayılıb qəbul olunmamışdı da. Onun ordusu da itaətkar, müti bir qüvvə
idi, onun üstünə yeridiyi xalq da. Hər kəs hər yer həmin qaranlıq dünyabaxışın
təsirində idi. Ona görə də Teymura lazım deyildi ki, yeni bir dünyabaxışla
meydana çıxsın və ordusunu da həmin dünyabaxışa – Hürufiliyə yönəltsin. Onda o,
heç hökmdar olmayacaqdı. Çünki “İnsan Allahdır” ideyasıyla yaşayan insan gedib
Allaha qılınc çəkməyəcəkdi axı, onu doğramayacaqdı axı. Ona görə deyirəm ki,
Teymurun ruhu ərəb ruhu idi, türk ruhu deyildi. Türk ruhunu Asif Ata çox yüksək
dəyərləndirir. Deyir, türk ruhunda insana ali münasibət var, insana səcdə var,
insanı göylərdə görmək var. Türk mərddir, birsifətlidir, azğın deyil, qəsdçi
deyil. Ancaq insanı diri-diri divara hörməkdə, əlbəttə, uca keyfiyyətlər axtarmaq
mümkün deyil. Babəkin adını çəkdiniz. Babəki ərəb ruhu və ərəb qolu edam elədi.
Nəimini, Nəsimini ərəb ruhu və türk qolu məhv elədi. Türk qolu ərəb ruhuna tabe
idi. Türk qolu əslində başı ilə bir yerdə ərəb ruhu qarşısında mütiləşmişdi.
Ona görə o qol türk yenilməzlərinin başını kəsə bildi. Ruhsuzlaşmış türk qolu
türk varlığına faciə gətirdi.
Möhtəşəm bir hökmdar
yenilmişdi ərəb ruhuna, daha doğrusu, ruhsuzluğuna. Yenilmiş – qarşısında yenilməzlər görmək istəmirdi,
yenilməzləri yenmək istəyirdi. Ona görə də onlara təbiidir ki, qılınc
çəkməliydi. Gəlin indiki dövrümüzə baxaq. Axı hökmdarların gerçək
idarəçiliklərində dəyişiklik var, mahiyyətlərində dəyişiklik yoxdur. Yenə də
indiki hakimiyyətdə olanlar türk ruhu ilə yaşamırlar. Yenə də yad ruhun təsiri
var, yenə də xalqın özümlüyünə qarşı yadlığın qorunması var. Başqa bir tərəfdən,
xalqı soyub talayanlar necə türk ruhu ilə yaşaya bilərlər?! Xalqın başında
duranlar onun ruhunu təmsil eləmirlər. Belə olan halda xalqın qayğısını çəkmək
onların ağlına belə gəlməz. Yəni başda duran baş olsun, doğrudan da, ayaq
olmasın gərək. Başda duran ayaq olanda xalqın ruhunu ayaqlayır, onu məhv
eləyir...
Ağşın Ağkəmərli: Bəli, siz düz deyirsiniz.
Elə ona görə də iqtidarda qalmaq üçün başqa bir ideologiya daşımaq lazımdır.
Hətta o dövrdən bu dövrə qədər o ənənə davam eləyir ki, xalqın dilində
danışmamaq lazımdır, xalqdan fərqli görünmək lazımdır. Siz çox gözəl bir məqama
toxundunuz. Əgər Teymur dünyanın yarısını fəth etmişdisə, özü birbaşa ərəb
köləsi idi. Özü başqa bir ideoloji ilə fəth olunmuş şəxs idi. Ona görədir ki,
belə şəxslər əbədi qalmır, ona görədir ki, biz Teymuru türkün qara səhifəsi
kimi yad edirik.
Abil Ulusoy: Soylu bəy çox doğru deyir ki,
Teymurun harayı “Lailəhailləllah” idi, qibləsi türk yurdunda deyildi. Ancaq
Hürufiliyi şeir ruhu ilə yaşadan Nəsimi deyirdi ki, “Fəzlullahdır
lailəhailləllahımız”.
Fatehliyə yarayırdı dinin
çağırdığı “Lailəhailləllah”, insanlığa yaramırdı.
Hürufizmin Azərbaycandakı əsas
ideoloqlarından biri Əliulla idi. Əbülhəsən Əliulla 12 yaşında İsfahanda Fəzllə
tanışır və sonralar Hürufiliyi Yaxın Şərqdə yaymağa başlayır. Türkiyəyə
Hürufiliyi o gətirir. Əliullanın aşağıdakı kitabları var:
1. Kürsünamə (Taxt-tac haqqında
kitab).
2. Tovhidnamə (Birlik haqqında
kitab).
3. Bəşarətnamə.
Əliulla 1427-ci ildə
işgəncələrlə öldürülüb.
Hürufiliyin yayıcılarından
biri də Nəiminin böyük oğlu Nurullah olub.
Hürufiliyin Türkiyədəki banisi
Seyid İsxak: “Şəhadət verirəm Fəzldən başqa Allah yoxdur”.
Ağşın Ağkəmərli: Tarixi fəlakətlərimizin, faciələrimizin
aradan qaldırılması üçün bir neçə dəfə cəhdlər olubdur. Bu cəhdlərin çoxu
alınmayıb. Çünki bu cəhdlərin mahiyyətində özgələrin əli var. Misal üçün bir
İsmayili təriqəti vardı, eləcə də sufilik təriqəti vardı. Ancaq bunların hər
birində Azərbaycan türklüyünün ruhu müəyyən qədər ifadə olunurdu, tam ifadə
olunmurdu. Ona görə bu baxışlar bizim işimizə yaramayıb. Faciələrimizin aradan
qaldırılmasında bunlar rol oynaya bilməyibdir. Doğrudur, sufiliyə bağlı olan
Şah İsmayılda müəyyən mənada Azərbaycan ruhu görmək olur, ancaq onun da xəmiri
yad suyu ilə həll edilmiş, yad əllərlə yoğrulmuşdur.
Bəli, ancaq Mütləqə İnam
Ocağında məsələ çox fərqlidir. Bu gün cəsarətlə deyə bilərəm ki,
tariximizdəkilərdən fərqli olaraq, bu Ocaqda kimliyimiz, Azərbaycan ruhu yüzdə
yüz öz əksini tapıbdır.
Abil Ulusoy: Hürufiliyin yayılmasının
qarşısını hərtərəfli şəkildə türk özü kəsibdir. Şah İsmayıl Xətainin adını
çəkdiniz. Təəssüf ki, o cür qüdrətli bir fatehimiz Hürufiliyə yiyə durmadı.
Əksinə onun davamçılarını – konkret Sirurini, Tüfeylini sarayına gətirdi və
onları saray mühitində əzdi. Sonradan onlarda Hürufilikdən əsər-əlamət qalmadı.
Türk özü istəsəydi, Hürufilik dünya səviyyəsində yayılardı.
Ağşın Ağkəmərli: Ona görə Atalar deyib ki,
“keçmişinə xor baxan, gələcəyinə kor baxar”. Şah İsmayılımız da tariximizdən
dərs götürmədi. Yad ruhu yaşatdı, yad ruha xidmət elədi. Təəssüf ki, biz hələ
də bu psixologiyanı daşıyırıq. Ona görə həmişə sıfırdan başlamışıq və hardasa
qırılmışıq.
Abil Ulusoy: Yenə mən qayıdıram məsələnin o
cəhətinə ki, biz yurdumuzda yaranan dəyərlərin öyrənilməsini istəyirik. Bu gün Hürufilik
mövzusuna müraciət eləməyimizin də əsasında bu durur. Ağşın bəyin dediyi kimi,
Ocaqda tariximizdə yaranan dəyərlər ən ali keyfiyyətləri ilə öz əksini tapıb.
Asif Ata böyük bir dəyər sistemi yaradıb və onun fəlsəfəsini ortaya qoyub. İndi
xalqımızda yiyəlik duyğusu yaranmalıdır.
...Ona görə də bugünün özündə
Mütləqə İnam Ocağı Azərbaycanda ciddi oturuşarsa, mən inanıram ki, tarixdən
üstün bir inkişaf mərhələmiz başlayacaq.
Ağşın Ağkəmərli: Biz faciələrimizi yalnız
tarixdən oxumalı deyilik. Hər bir böyük şəxsiyyətlərimizin faciəsini təkcə o
şəxslərin özünə bağlamamalıyıq, millətimizin faciəsi kimi qəbul etməliyik və
dərk eləməliyik.
Abil Ulusoy: Boşluqları düzgün qiymətləndirməliyik,
çatışmayanları düzgün təyin eləməliyik. Əslində Azərbaycanın faciələri ümumtürk
faciələridir. Bizim adını çəkdiyimiz dəyərlər təkcə Azərbaycana deyil, bütün Türk
Dünyasına lazımdır – Türkiyəyə lazımdır, Orta Asiyaya lazımdır.
Deyirik, Türkiyədə Ərdoğanın
yolu yoxdur. Bəs o birilərin yolu nədir?! Yolsuzluq fəlakətindən çıxmaq istəyiriksə,
Asif Atanın yaratdığı Mütləqə İnam Təlimi çıxmalıdır Azərbaycandan qırağa. Türk
Dünyasında bilinməli və öyrənilməlidir.
Soylu Atalı: Çox gözəl. Biz artıq sayğılı
dinləyicilərimizlə, oxucularımızla bu söhbətimizin müəyyən bir yekun
mərhələsinə gəlib çıxdıq. Söz yox ki, istər Hürufiliyi, istərsə adını
çəkdiyimiz o biri hadisələri elmi cəhətdən bizdən qat-qat güclü bilənlər də
var. Ancaq biz hesab edirik ki, məsələləri elmi cəhətdən bizdən güclü bilmək
önəmli deyil. O məsələləri həqiqət səviyyəsində ortaya qoymaq və xalqa
çatdırmaq önəmlidir. Və nəinki xalqa çatdırılmalıdır, dərin dəyərlərimizin xalq
ruhunun özülü kimi yaşadılmasıdır. Təəssüf ki, dərin məsələlərimizə birtərəfli
yanaşma və onları yad qaynaqlara bağlama ənənəsi var. O ki qaldı sufilik məsələsi
haqda deyilənlər – sufilərdə fərd
məsələsi əsas idi, millət məsələsi yox idi. Fərd kamilləşir – tərkidünyalıq
səviyyəsində. Yəni dünyanın həşirindən, naz-nemətindən uzaqlaşmaq, özünə
çəkilmək, öz içində yaşamaq. Hürufilərdə bunlardan fərqli cəhətlər vardı.
Özəllikcə Hürufilər hər yerə gedirdilər, işlərini qururdular. Ancaq bununla
belə, bunlarda da milli məsələlər qoyulmurdu. Milli məsələlərdən yan keçməklə isə
bəşəri mərhələyə keçmək mümkün deyil. Mütləqə İnam Dünyabaxışına gəlincə isə
məsələ bir neçə cəhətdən fərqlidir. Məsələn, Mütləqə İnam təriqət deyil,
müstəqil dünyabaxışdır və bu baxışın heç bir qaynaqla ortaqlığı yoxdur. Təriqət
əsasən hansısa bir dünyabaxışın içindən çıxır – nəyəsə etiraz edir, nəyisə
təsdiq edir. Dünyabaxış isə dediyim kimi, öz içindən təməl tapır. İkinci bir
məsələ, Ocaqda qoyulan ideyalar heç bir baxışda bu səviyyədə qoyulub həllini
tapmayıb. Məsələn, əslində heç bir dünyabaxışda “Xəlqi Birlik” və “Müstəqil
Vətən” ideyaları qoyulmayıb. Bu, çox prinsipial məsələdir. Bununla belə, nə
millət məsələsinin qoyuluşu, nə də vətən məsələsinin qoyuluşu heç bir xalqa və
onun yurduna qarşı özündə balaca bir element belə daşımır. Mütləqə İnam, Kamil
İnsan, Özümlü Şərq, Ləyaqətli Bəşər, Xəlqi Birlik, Müstəqil Vətən – bu
ideyaların hər biri bəşəri səviyyədə qoyulur.
Ola bilər ki, müasir dünya
üçün bizim qoyduğumuz bu məsələlər heç də aktual deyil. Müasir dünya
demokratiya havası çalır. Demokratiyada insan əyləncə hadisəsidir.
Demokratiyaya şəxsiyyət gərək deyil. Halbuki xalqın yaranması şəxsiyyətin
yaranması ilə başlayır. Ona görə bizim toxunduğumuz məsələlər bizim xalqımız
üçün olduqca aktualdır. Habelə dünya qəbul elədi, ya eləmədi, bəşəriyyət üçün
də belə məsələlərin aktual olduğunu düşünürük. Dünyada insana qiymət
verilmədiyi bir vaxtda, insanın az qala əşya, heyvan səviyyəsində tutulduğu bir
vaxtda bu məsələlərin böyük əhəmiyyəti var. Biz həm də üzümüzü dünyaya tutub
bildiririk ki, Azərbaycan, eləcə də bütövlükdə türk milləti belə ali dəyərlərin
yaradıcısıdır. Bəşəriyyətin böyük fəlakətlərlə üzləşməsi belə ali dəyərlərdən
imtina hesabına əmələ gəlir.
Ağşın Ağkəmərli: Biz Ocaq prinsipləri ilə
təkcə millətimizdə deyil, dünyada bir dönüş mərhələsinin başladığını deyirik.
Abil Ulusoy: Bizim bugünkü söhbətimiz
tarixi çözmək mənası daşımır, bugünə və gələcəyə ünvanlanmış bir insan
harayıdır.
Soylu Atalı: İstəkli soydaşlarımız,
istədik ki, sizlərə təqdim elədiyimiz bu cür məsələlərimizə bir qəzet materialı
kimi baxmayasınız, bizimlə birgə düşünəsiniz. İstəyirik ki, yurdumuzda
özümlüyümüzə doğru maarifçilik əməli genişlənsin.
Yükümüzdən Böyük Fərəhimiz
Yoxdur!
Atamız Var Olsun!
Günəş Ayı, 32-ci il.